Azərbaycan Hotellər Assosiasiyası (AHA) Azərbaycanda milli otel ulduz təsnifatının bazasını yaratmaq üçün İsveçrə Hotellər Assosiasiyası ilə əməkdaşlıq edir. İsveçrə Hotellər Assosiasiyası ölkəmizdə ulduz təsnifatı prosesini araşdırır və yerli otellərin Avropa standartlarına uyğun olub-olmadığını yoxlayır. Qurumumuz tərəfindən bu istiqamətdə regionlarda ulduz təsnifatı çərçivəsində təlim proqramları təşkil olunacaq. Biz otellərdə keyfiyyət üzrə konsultasiyalara başlayacağıq. Bu cür böyük layihələr regionlarda da planlaşdırılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
“Daha çox ulduz təsnifatının davamı olaraq keyfiyyət üzrə təlimlər keçirəcəyik. Çünki otel sahəsində hələ ki, bir çox problemlər var. Biz bunları müəyyən etmişik və onlara bu barədə təlimlər keçəcəyik. Bu təlimlər həm Bakıda, həm də regionlarda təşkil olunacaq. Eyni zamanda, universitetlərlə, peşə agentlikləri ilə əməkdaşlıq edərək karyeraya cəlb etmə layihəsini həyata keçiririk. Bu istiqamətdə də yaxında yeni layihələrimiz və görüşlərimiz olacaq. Dual proqramlarla bərabər bir çox başqa layihələr çərçivəsində işlər planlaşdırılır. Cari ilin birinci yarısı qurumumuz aktiv işlər ortaya qoyub və böyük tədbirlər həyata keçirmişik. Onların arasında əlbəttə ki, lobbiçilik fəaliyyəti də var. Bizim həm vergilər, həmçinin sığorta agentliyi ilə də görüşlərimiz olacaq. Otellərin tələblərini onlara təqdim edəcəyik. Bizim əsas prioritetimiz qonaqların məmnuniyyətidir ki, biz ulduz təsnifatı keçən otellər arasında araşdırmalar aparıb, bunları nəzərə alırıq”, - deyə G.Sağlam qeyd edib.