20 noyabr 2026-cı il tarixində Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin və “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə Hilton Baku hotelində “Qonaqpərvərlik sektorunda neyroinklüziv məşğulluq” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi qonaqpərvərlik sektorunda neyromüxtəliflik barədə məlumatlılığın artırılması, neyromüxtəlifliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının təşviqi və hotel müəssisələrində daha inklüziv iş mühitinin formalaşdırılması istiqamətində praktiki yanaşmaların müzakirəsi olub.
Tədbirin açılışında Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Əsmər Şabanova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova və Hilton Baku hotelinin baş meneceri Erhan Gürsel çıxış edərək neyroinklüziv məşğulluğun əhəmiyyəti, dövlət-özəl sektor əməkdaşlığının rolu və bu istiqamətdə birgə təşəbbüslərin vacibliyini vurğulayıblar.
Tədbirin ilk sessiyasında “Birgə və Sağlam” İctimai Birliyinin Təhsil direktoru Nərmin Rəhimli “Neyromüxtəliflik nədir? Müasir iş mühitində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Təqdimat çərçivəsində neyromüxtəliflik anlayışı, dəstəkli məşğulluq modeli, neyromüxtəlifliyi olan şəxslərin əmək bazarına inteqrasiyası və bu prosesdə işəgötürənlərin rolu barədə məlumat verilib. İştirakçılar, həmçinin neyromüxtəlifliyi olan və artıq əmək fəaliyyətinə cəlb edilmiş gənc Seyfulla Vəliyevin uğur hekayəsi ilə tanış olublar. Bu çıxış neyromüxtəlifliyi olan şəxslərin müvafiq dəstək və uyğun iş şəraiti olduqda peşəkar fəaliyyətə uğurla inteqrasiya edə biləcəyini nümayiş etdirib.
Hotellərin praktiki təcrübəsi və neyroinklüziv məşğulluğun tətbiqi imkanları da tədbirin əsas müzakirə istiqamətlərindən olub. Absheron Hotel Group-un Qrup üzrə İnsan Resursları rəhbəri Əzizə Əsgərova hotellərdə neyroinklüziv məşğulluğun əhəmiyyəti, mövcud imkanlar və dəstək mexanizmləri, Hilton Baku hotelinin İnsan Resursları üzrə meneceri Aynur Ağayeva isə neyroinklüziv iş mühitinin formalaşdırılması üzrə praktiki təcrübə və uğurlu yanaşmalar barədə təqdimatlarla çıxış ediblər.
Tədbir “Qonaqpərvərlik sektorunda neyromüxtəliflik: inklüziv yanaşmalar və əmək bazarının gələcəyi” mövzusunda müzakirə sessiyası ilə davam edib. Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Əsmər Şabanovanın moderatorluğu ilə keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Saleh Həsənov, eləcə də Nərmin Rəhimli, Əzizə Əsgərova və Aynur Ağayeva iştirak ediblər. Müzakirələr zamanı dövlət-özəl sektor əməkdaşlığı, işə qəbul və adaptasiya prosesində inklüziv yanaşmalar, hotellərdə neyrofərqli əməkdaşlar üçün uyğun iş şəraitinin yaradılması və bu istiqamətdə tərəfdaşlığın əhəmiyyəti diqqət mərkəzində olub.
Tədbirin sonunda Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərin İnsan Resursları mütəxəssisləri üçün hazırlanmış “Hotellərdə Neyroinklüziv iş mühiti” adlı praktik yaddaş kitabçası təqdim edilib. Kitabça işə qəbul, işə uyğunlaşma, gündəlik kommunikasiya və iş mühitinin fərdi ehtiyaclara uyğunlaşdırılması ilə bağlı İnsan Resursları mütəxəssisləri üçün praktiki tövsiyələri əhatə edir.
Azərbaycan Hotel Assosiasiyası bu tədbirlə qonaqpərvərlik sektorunda inklüziv məşğulluq yanaşmalarının təşviqinə, işəgötürənlərin məlumatlılığının artırılmasına və neyromüxtəlifliyi olan şəxslərin peşəkar potensialının reallaşdırılması üçün yeni imkanların yaradılmasına töhfə verməyi hədəfləyir.
Assosiasiya bu istiqamətdə üzv müəssisələr, dövlət qurumları və ixtisaslaşmış tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsini, maarifləndirmə və praktiki təşəbbüslərin genişləndirilməsini prioritet hesab edir.