27 sentyabr 2019-cu il tarixində, Azərbaycan Hotel Assosiasiyası, üzv hotellərin nümayəndələri üçün ATB mütəxəssisləri ilə birgə ölkənin tanıtım imicinin mövcud durumu barədə məlumatlılığını artırmaq məqsədi ilə panel sessiyası “Destinasiya marketinqi istiqamətləri, problem və strategiyalar” mövzusunda panel təşkil etmişdir. Azərbaycan Turizm Bürosunun marketinq və beynəlxalq bazarlar üzrə mütəxəssisləri azerbaijan.wine və azerbaijan.travel saytlarında yerləşdirilmiş və ölkə marketinqi üçün önəmli olan turizm məhsulların hotellərin marketinq kampaniyalarında istifadəsinin önəmini vurğuladılar. Hotelçilərə, həmçinin potensial bazarlarda məşhur olan OTA (Onlayn Turizm Agenclikləri) -də qeydiyyatdan keçməyin və turizm paketlərini onlayn sifariş etmək imkanları olan funksional veb sayt yaratmağın vacibliyi diqqətə çatdırıldı. Ctrip və Qyer ilə imzalanan mühüm Memorandum ilə hotellərin Çin bazarına, həmçinin Əl Mosafar vasitəsilə Orta Şərq bazarına çıxması asanlaşdırılmışdır.
Bundan əlavə, hotellər, rəqəmsal platformalarda tanınma gətirəcək TripAdvisor kimi qonaq rəylərinin toplandığı platformalardan istifadə etməyə təşviq edildi. Marketinqdə ən yaxşı təcrübənin nümunəsi olaraq, AHA İdarə Heyətinin üzvü və Four Seasons Bakı Hotelinin Marketinq direktoru Ülviyyə Talışinskaya, satışları və hotelin fəaliyyət indeksini artıran uğurlu bir marketinq layihəsini təqdim etdi.