Azərbaycan Respublikası
İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov
Hörmətli Mikayıl müəllim,
Milli Otel Assosiasiyası hotel sənayesi nümayəndələrinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılmış və yarandığı gündən etibarən qonaqpərlik sənayesinin inkşafına töhfə verərək, hotellərin maraq və mənafelərini qorumuşdur.
Bildiyiniz kimi, son onillikdə turizm sektoru dünya iqtisadiyyatı ilə yanaşı Azərbaycan iqtisadiyyatında da aparıcı faəliyyət istiqamətlərindən birinə çevrilmişdir. Artıq sübut edilmişdir ki, turizm sektorunun iqtisadiyyatda kifayət qədər yüksək mültiplikativ effektə malikdir. Bu isə turizm sahəsinin iqtisadiyyatın dəyər zəncirinin ayrı-ayrı halqalarda əlavə dəyərin yaradılması və məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyətini daha da artırır. Günümüzdə bu sahənin inkişafı yalnız iqtisadi və sosial nəticələri ilə deyil, həmçinin ölkələrin xarici imicinin formalaşdırılmasında da mühüm alətlərdən biri kimi istifadə edilməkdədir.
Yerləşdirmə fəaliyyəti isə (mehmanxana və mehmancana tipli obyektlər) turizm sənayesinin əsas seqmentlərindən biri olmaqla bu sektordan dövlət büdcəsinə vergi daxilolmaların əsasını hissəsini təmin edir. Təəssüf ki, 2020-ci ilin əvvəlindən etibarən yayılmağa başlayan və qısa müddətdə pandemiyaya çevrilən COVİD-19 virusu ölkələrarası və ölkədaxili hərəkətin məhdudulaşdırılması ilə nəticələnmişdir ki, bu da öz növbəsində turizm fəaliyyətlərindən böyük fasilələrin yaranmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, turizm sektoru, o cümlədən hotel sənayesi həm dünyada və həm də Azərbaycanda pandemiyadan ən çox zərər görən iqtisadi fəaliyyət olaraq xarakterizə edilir.
Bildiyiniz kimi, müvafiq problemlərin həlli məqsədi ilə Azərbaycan hökuməti tərəfindən bügünədək müxtəlif tədbirlər, o cümlədən xərclərin optimallaşdırılması, maliyyə çıxış imkanlarının yaxşılaşdırılması, əmək haqqı fonduna birbaşa maliyyə yardımının göstərilməsi kimi dəstək proqramları icra edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun tarixli Fərmanı ilə Vergi Məcəlləsinə 31.12.2020-ci il tarixinədək qüvvədə olmaq şərti ilə 18-ci fəsil (“Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi”) əlavə edilmişdir. Müvafiq dəyişiklər pandemiyadan zərər çəkən digər sahələrdə olduğu kimi yerləşdirmə fəaliyyəti sahəsində də maliyyə yükünün optimallaşdırılması və zərərin azaldılmasına müsbət təsir göstərmişdir.
Diqqətinizə çatdırmaq istəyirik ki, yuxarıda sadalanan dövlət dəstəyinə baxmayaraq 2020-ci ilin dörd rübü üzrə göstəricilərə əsasən Bakı və Region hotellərinin cəmi zərərləri 200 milyon manatdan artıq olmuşdur.
Hörmətli Mikayıl müəllim,
- Pandemiyadan 100 faiz zərər çəkən sahələr olaraq turizm sənayesi subyektləri, o cümlədən yerləşdirmə fəaliyyəti sahəsinə münasibətdə Vergi Məcəlləsinin 18-ci fəsilinin (“Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi”) qüvvədə olma müddətinin əlavə bir il ( 31 dekabr 2021-ci il tarixindən) artırılması;
- Turizm sənayesinə, o cümlədən yerləşdirmə fəaliyyəti sahəsinə münasibətdə diferensial ƏDV rejiminin tətbiq edilməsi məqsədi ilə müvafiq hüquqi əsasların yaradılması;
- Yerləşdirmə fəaliyyəti subyektlərinin maliyyə əlçatanlığının dəstəklənməsi, xüsusi ilə də kəskin likvidlik çatışmazlığı müşahidə edilən cari şəraitdə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə aşağıdakı xüsusi mexanizmin yaradılması:
- Kredit təşkilatlarının yaranacaq likvidlik problemləri qarşılığında Mərkəzi Bank tərəfindən həmin kredit təşkilatlarına mərkəzləşdirilmiş kreditlərin verilməsi yolu ilə onların yerləşdirmə xidməti sahəsində fəaliyyət göstərən müəssələrin mövcud kredit öhdəlikləri üzrə 18 aylıq kredit tətillərinin verilməsi mexanizminin yaradılması,
- Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına turizm təyinatlı mərkəzləşdirilmiş kreditlərin verilməsi yolu ilə və sənaye üçün kredit əlçatanlığının artırılması.
Hörmətlə,
Baş İcraçı Direktor Günay Sağlam