Dekabrın 4-də Azərbaycan Hotel Assosiasiyası (AHA) 2-ci Baş Assambleyasını keçirdi. 2-ci Baş Assambleya qonaqpərvərlik sənayesinin əsas prioritetlərinə və inkişaf istiqamətlərinə həsr olunmuşdur.
AHA 2019-cu ildə əldə edilmiş əsas nailiyyətlərini və qonaqpərvərlik sənayesi üçün 2020-ci ilə olan plan və fəaliyyət istiqamətlərini bölüşdü.
Qonaqpərvərlik və turizm sənayesinin yerli, habelə beynəlxalq mütəxəssislərini bir araya gətirən tədbirdə qonaqpərvərlik sənayesinin rəqabət qabiliyyəti və gəlirliliyi, qiymət strategiyalarında ən yaxşı və pis strategiyalar, birbaşa rezervasiya və onun üstünlükləri, qonaq şikayətlərinin idarə edilməsi, rəqabət analizi kimi mövzulara toxunuldu.
İlk dəfə olaraq, AHA Milli Otel Ulduz Təsnifatını qonaqpərvərlik sənayesinə təqdim etdi. Azərbaycan Hotel Assosiasiyası Azərbaycanda Milli Otel Ulduz Təsnifatının bazasını yaratmaq üçün İsveçrə Hotellər Assosiyası ilə əməkdaşlıq edir. İsveçrə Hotellər Assosiyası İdarə Heyətinin üzvü cənab Tomas Allemann təmsil etdiyi qurumun təcrübəsini, “HotelStars” Birliyinin tarixini paylaşaraq və Azərbaycan ilə İsveçrədəki qonaqpərvərlik sənayesini müqayisə etdi.