Turizm sahəsi üzrə bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, mehmanxana və digər yerləşmə vasitələrində xidmət göstərən işçilərdən hələ də COVID-19 sertifikatının tələb olunması hotellər üçün yeni əməkdaşların cəlb edilməsində və ümumi hotel əməliyyatlarında çətinlik yaradır.
Məlumdur ki, 2022-ci il 15 fevral tarixindən etibarən qeyd olunan müəssisələrdə işləyən bütün işçilərdən COVID-19 sertifikatının olması tələb edilir.
Hazırda ölkə ərazisində COVID-19 pandemiyası ilə bağlı vəziyyətin müsbət tendensiya ilə davam etdiyini və yoluxma hallarının xüsusi təhlükə təşkil etmədiyini nəzərə alaraq, Azərbaycan Hotel Assosiasiyası tərəfindən bütün üzv hotellərimiz adından mehmanxana və digər yerləşmə vasitələrində xidmət göstərən işçilərə aid edilən COVID-19 sertifikatı tələbinə yenidən baxılması üçün bağlı Nazirlər Kabinetinə rəsmi məktubla müraciət etdik.
Qeyd olunan məsələ ilə bağlı AHA-ya rəsmi müraciətinə görə Absheron Hotel Group-a təşəkkür edir və çətinlik yaşayan digər hotellərin də bizə rəsmi məktubla müraciət etməsini xahiş edirik.
Ümid edirik ki, müraciətimiz qısa zamanda nəzərdən keçiriləcək və Azərbaycanın qonaqpərvərlik sənayesi üçün müsbət rəy ilə cavablandırılacaqdır.